5 yaşadək uşaqlar pulsuz aparıla bilərmi?
Sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir. Ayrıca yer tutan 5 yaşa qədər uşağa uşaq bileti alınmalıdır. Sərnişinlə 5 yaşa qədər bir neçə uşaq getdikdə pulsuz gedən bir uşaqdan başqa hər birinə uşaq gediş bileti alınmalıdır.
Onlayn əldə edilən biletlərə harada baxa bilərəm?
Cari alınan bilet “Biletlərim” xanasında saxlanılır və elektron bilet PDF formatında e-poçt ünvanına göndərilir.
Elektron bilet necə əldə edə bilərəm?
İlkin olaraq Biletim.az veb saytı və ya mobil tətbiqi üzərindən qeydiyyatdan keçilməli daha sonra istiqamət və gediş tarixini seçərək, şəxsiyyət vəsiqəsində olan FIN və seriyanı daxil etdikdən sonra bilet əldə edə bilərsiniz.
Sərnişin elektron bileti hansı üsullarla ödəniş edərək ala bilər?
Ödəniş plastik kart və ya, Google Pay/Apple Pay ilə mümkündür.
Onlayn bilet nə qədər əvvəl əldə edilə bilər?
Sərnişin bileti 30 gün əvvəlcədən əldə edə bilər.
Bir əməliyyatla maksimum neçə bilet əldə etmək mümkündür?
Bir əməliyyatla maksimum 5 bilet əldə etmək mümkündür.
Biletim.az vasitəsi ilə alınan biletlər necə təqdim olunur?
Ödəniş edildikdən sonra sistem tərəfindən istifadəçiyə “Biletlərim” xanasında QR-kod əsaslı bilet təqdim edilir.
Qeyd: Elektron bilet PDF formatında e-poçt ünvanına göndərilir, çap etmək məcburi deyil.
Sərnişin elektron bileti nə vaxt təqdim etməlidir?
Sərnişin reysin yola düşməsinə ən azı 30 dəqiqə qalmışdan az olmamaqla avtovağzalda (avtostansiyada) olmalı və yoxlanış zamanı avtobusda yerində əyləşməlidir.
Uşaq bileti hansı yaş aralığına aiddir?
Sərnişinlə səfər edən 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti alınmalıdır. Uşaq bileti 50% endirimli olmaqla müəyyən edilmişdir.
Qeydiyyat zamanı istifadəçi hansı məlumatları daxil etməlidir?
Qeydiyyat zamanı ad, soyad, əlaqə telefonu, elektron poçt ünvanı, şifrə və cins məlumatları daxil edilir.
Pulsuz əl yükünün çəki limiti nə qədərdir?
Çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.
Pulsuz daşına bilən əl yükünün maksimal ölçüsü nədir?
Ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün daşınması üçün daşıma haqqı ödənilmir.
Geri qaytarılan məbləğ sərnişinə nə qədər müddətə qaytarılır?
Bank və beynəlxalq ödəmə sistemi qaydalarına əsasən vəsaitlər 3-4 iş günü ərzində sərnişinin ödəniş zamanı istifadə etdiyi bank hesabına geri qaytarılır. Gecikmə halları olarsa banka müraciət edərək əlavə məlumat əldə edə bilərsiniz.
Onlayn əldə edilmiş bileti sərnişin necə geri qaytara bilər?
Əgər bilet Biletim.az veb saytından və ya mobil tətbiqdən əldə edilibsə, “Biletlərim” xanasına daxil olaraq biletin aşağı hissəsində "Qaytar" xanasını klikləyərək qaytarım edə bilər.
Qeyd: Onlayn bilet qaytarılması zamanı sərnişinin vağzalın kassasına yaxınlaşmasına ehtiyac yoxdur.
Hansı hallarda sərnişin, avtobus yola düşənədək bileti gediş haqqının tam dəyərini və əvvəlcədən satışa görə ödənilmiş komisyon muzdu geri ala bilər?
Müntəzəm marşrutlarda avtobusun yola düşməsi hərəkət cədvəli ilə nəzərdə tutulmuş vaxtdan 1 saatdan artıq müddətə gecikdikdə və ya sərnişinə biletdə nəzərdə tutulduğundan aşağı dərəcəli yer verildikdə, o cümlədən biletdə nəzərdə tutulmuş yer sərnişinə verilmədikdə ödənilmiş vəsait tam olaraq geri alına bilər.
Daşıyıcıdan asılı olmayan səbəblərdən sərnişin təyinat məntəqəsinə çatdırıla bilməzsə nə edilir?
Gedişin dayandırıldığı məntəqədən təyinat məntəqəsinə qədər olan gedişin dəyəri reysin ləğv edildiyi andan 3-4 iş günü ərzində sərnişinə qaytarılır. Bu hallarda sərnişin onun tələb ilə yaxınlıqda olan avtovağzala (avtostansiyaya), dəmir yolu stansiyasına və ya hava limanına daşıyıcı tərəfindən çatdırılmalıdır. Avtobus marşrutun başlanğıc məntəqəsinə qaytarıldıqda sərnişinə gediş haqqı və baqajın (əl yükünün) daşınması haqqı 3-4 iş günü ərzində qaytarılır.
Yol gedərkən sərnişin öz təqsiri ilə avtobusdan geri qaldıqda ödədiyi gediş haqqı geri qaytarılırmı?
Sərnişin öz təqsiri səbəbindən getdiyi avtobusdan geri qaldıqda, gediş haqqı geri qaytarılmır.
İşğaldan azad edilmiş ərazilərə xüsusi buraxılış icazələri icazə almaq mütləqdirmi?
Biletim.az portalı üzərindən bilet alınan zaman işğaldan azad edilmiş ərazilərə xüsusi buraxılış icazələri sistem üzərindən avtomatlaşdırılmış qaydada vətəndaşa təqdim edilir.
İşğaldan azad edilmiş ərazilərə xüsusi buraxılış icazələri neçə gün qüvvədədir?
İşğaldan azad edilmiş ərazilərə təqdim edilmiş xüsusi buraxılış icazələri 5 gün müddətinə qüvvədədir. Müddətin bitməsinədək vətəndaşlar işğaldan azad edilmiş əraziləri tərk etməlidir.
İşğaldan azad edilmiş ərazilərə icazənin təqdim edilməsi uğursuz olarsa ödənilən vəsait necə olur?
İcazənin uğursuz olması barədə bildiriş gəldikdən və avtomatlaşdırılmış qaydada bileti ləğv olunduqdan sonra ödənilən vəsait yaxın müddət ərzində sərnişinin bank hesabına geri qaytarılır.
Müştəri dəstəyi ilə necə əlaqə saxlamaq olar?
"Şikayət və rəylər" bölməsindən müraciət göndərə və ya Çağrı Mərkəzinə 141 zəng edə bilərsiniz.
Ara məntəqəyə limit bitdiyi zaman nə etməliyəm?
Aralıq məntəqələr üzrə biletlərin məhdud sayda olması nəzərə alınaraq biletləri əvvəlcədən Biletim.az portalı üzərindən əldə edilməsi tövsiyə olunur.
RRN kodu haradan əldə edə bilərəm?
Portal üzərindən “Tarixçə” bölməsində “Qaytarılan” biletlər siyahısına daxil olaraq əldə edə bilərsiz.
Səfər zamanı avtobusun salonunda və ya yük yerində itmiş yaxud zədələnmiş əl yükünə görə kimə müraciət olunmalıdır?
Daşımaya və ya saxlanmaya verilmiş əşyaların itirilməsi, əskik çıxması və ya xarab olması ilə əlaqədar sərnişinə müəyyən olunmuş qiymət miqdarında vurulan ziyanın əvəzi, bu barədə tələbin irəli sürüldüyü andan daşıyıcı və ya avtovağzal (avtostansiya) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ödənilir.
Bilet alışı zamanı ödəniş əməliyyatı uğursuz olarsa hesabımdan çıxılan məbləğ hansı müddətə geri qaytarılacaqdır?
Əgər alınan bilet uğursuz hesab olunarsa o zaman vəsait hesabdan çıxılmaz və yaxud çıxılarsa yaxın müddətdə hesaba qayıdar. Qayıtmadığı təqdirdə rəy bölməsinə biletin məlumatlarını yazaraq cavab gözləməyiniz məqbuldur.
Qaytarılan vəsaitdə gecikmə yaranarsa nə edilməlidir?
Ödəniş edilən banka RRN kodunu təqdim edərək əlavə məlumat əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) reyslərdə biletin qaytarılması şərtləri nədir?
➤ Sərnişin şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlarda işləyən avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, o alınmış bileti 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə 3 gün ərzində həmin marşrut üzrə digər avtobus reysinə biletin dəyərinin 25 faizini əlavə ödəməklə təzələyə və ya həmin biletin dəyərinin 25 faizini çıxılmaqla ödənilmiş məbləği geri ala bilər.
➤ Bilet şəhərlərarası (rayonlararası) müntəzəm marşrut avtobusunun yola düşməsinə ən azı 2 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytarıldıqda, onun əvvəlcədən satışına görə komisyon muzdu çıxılmaqla gediş haqqı sərnişinə qaytarılır. Bilet həmin müddətdən gec, lakin avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxt ərzində qaytarıldıqda onun dəyərinin 15 faizi və əvvəlcədən satışa görə komisyon muzdu çıxılmaqla ödənilmiş gediş haqqı sərnişinə qaytarılır.